Səhiyyə işçiləri üçün infeksion nəzarət üzrə təlimatlar, klinik protokollar və alqoritmlər

Klinik təlimatlar, alqoritm və protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələrdir. Klinik təlimat və protokolların tərtib edilməsində məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibb işçilərini pasiyentə rasional yardım göstərməkdə kömək edəcək vəsaitlə təmin etmək və tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. Klinik təlimat, alqoritm və protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır.

2019-cu ilin dekabr ayında yeni koronavirusun törətdiyi xəstəliklərin aşkar olunması ilə əlaqədar səhiyyənin mühafizəsi sahəsində fəaliyyət göstərən tibb və qeyri-tibb mütəxəssisləri qarşısında virusa yoluxma riski və şübhəsi olan şəxslərin və COVİD-19 xəstəliyi inkişaf etmiş pasiyentlərin kliniki müayinəsi və təcili diaqnostikası ilə bağlı məsələlər meydana çıxmışdır. Hazırda bu xəstəliyin epidemiologiyası, kliniki xüsusiyyətləri, diaqnostikası, profilaktikası və müalicəsi haqqında məlumatlar məhdud olsa da, Çin, ABŞ, İtaliya, İran və digər ölkələrdə qazanılmış ən yaxşı təcrübələr öyrənilir və müvafiq təlimatlar və protokollar davamlı olaraq yenilənir. Məlumdur ki, koronavirus infeksiyasının yeni növünün ən geniş yayılmış klniki əlaməti pnevmoniyadır və xəstəliyin ağır formasından əziyyət çəkən pasiyentlərin əksəriyyətində kəskin respirator distress sindrom qeydə alınmışdır. Bu bölmədə təqdim olunan tövsiyyələr ABŞ, Avropa və Çin dövlətlərinin  Xəstəliklərə Nəzarət Mərkəzlərinin, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən dərc olunmuş faktiki məlumatlara əsaslanır.

Klinik təlimat və tövsiyyələr ilkin səhiyyə xidmətinin həkimləri, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həkim-epidemioloqlar, virusoloqlar, infeksion profilli müalicə-profilaktika müəssisələrinin həkimləri, orta tibb personalı və infeksion stasionarların və intensiv terapiya şöbələrinin reanimatoloqları üçün nəzərdə tutulmuşdur.

Tez-tez verilən suallar

COVID-19 infeksiyasının kliniki xüsusiyyətləri hansılardır?

Cavab: COVID-19 infeksiyasının klinik xüsusiyyətləri sırasında qeyri-spesifik əlamətləri olan yüngül gedişli xəstəlik və kəskin respirator xəstəliyinin simptomları, həmçinin tənəffüs çatışmazlığı və septik şok simptomları olan kəskin pnevmoniya müşahidə edilir. COVID-19 infeksiyası ilə asimptomatik yoluxma halları barədə də məlumat vardır. (Koronavirus (COVID-19) infeksiyasına yoluxan xəstələrin menecmenti üçün Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən dərc edilmiş müvəqqəti təlimatlara baxın)

Kimlərin COVID-19 infeksiyasına yoluxma riski daha çoxdur?

Cavab: Hazırda bu virus infeksiyasına yoluxma riski ən yüksək olanlar COVİD-19 infeksiyasına yoluxmuş, ona aid simptomları olan bir şəxs ilə uzun müddət, qorunmasız yaxın təmasda olmuş, həmçinin yoluxma bölgələrində yaşayan və ya bu yaxınlarda həmin ərazilərə səyahət etmiş şəxslərdir.

Kimlərin COVID-19 infeksiyasının kəskin xəstəliyinə yoluxma riski daha çoxdur?

Cavab: Hazırda mövcud olan məlumatlar infeksiyanın ciddi klinik fəsadlara səbəb olacaq risk faktorlarını müəyyənləşdirmək üçün kifayət etmir. COVID-19 virus infeksiyasına yoluxmuş xəstələrlə, o cümlədən SARS-CoV və MERS-CoV kimi müvafiq koronovirus infeksiyaları ilə bağlı əldə olunan məhdud məlumatlar onu deməyə əsas verir ki, ahıl yaşlı insanlar və xroniki xəstəliklərdən müalicə alan digər şəxslər bu koronovirus infeksiyasının kəskin fəsadları ilə üzləşmək təhlükəsinə malikdirlər. (Koronavirus infeksiyasına yoluxan xəstələrin menecmenti ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-in dərc etdiyi müvəqqəti təlimat və tövsiyələrə baxın)

Hansı bədən mayeləri infeksiyanı yaya bilər?

Cavab: SARS-CoV-2 və yoluxucu virusun kliniki nümunələrdə aşkarlanması barədə çox məhdud məlumatlar mövcuddur. SARS-CoV-2 RNT-i virusa yoluxmuş şəxsin yuxarı və aşağı tənəffüs yollarının nümunələrindən aşkar edilib, SARS-CoV-2 virus infeksiyası yuxarı tənəffüs yollarının nümunələrindən və bronxoalveolar lavaj mayesində aşkar edilib. SARS-CoV-2 RNT-i qan və nəcis nümunələrində aşkar edilib, ancaq ekstrapulmonar nümunələrdə yoluxucu virusun olub-olmaması hələlik məlum deyil. Yuxarı və aşağı tənəffüs yollarının nümunələrində, həmçinin ekstrapulmoner nümunələrdə SARS-CoV-2 RNT-nin aşkarlama müddəti hələ də məlum deyil, lakin MERS-CoV və ya SARS-CoV virus infeksiyalarında müşahidə olunduğu kimi bir neçə həftə və ya daha uzun müddət ərzində ola bilər. Yoluxucu SARS-CoV virus infeksiyası tənəffüs, qan, sidik və nəcis nümunələrində müşahidə edildiyi halda, yoluxucu MERS-CoV infeksiyası yalnız tənəffüs yollarının nümunələrində müşahidə edilirdi. Bu virusa yoluxmuş şəxsin qusuntuları, sidiyi, ana südü və ya sperması daxil olmaqla, digər qeyri-tənəffüs bədən mayelərinin tərkibində aktiv və yoluxucu SARS-CoV-2 virusunun olması da müəyyən edilməyib.

COVID-19 infeksiyasından sağalan şəxslər yenidən bu virusa yoluxa bilərmi?

Cavab: COVID-19 infeksiyasına qarşı immun sisteminin reaksiyası hələ də tam başa düşülmür. MERS-CoV virus infeksiyasına yoluxmuş şəxslərin sağaldıqdan qısa müddət sonra yenidən yoluxma ehtimalı azdırsa, COVID-19 virusuna yoluxan şəxslərdə immunitetin davamlı saxlanılması barədə hələ də məlumat dəqiqləşməyibdir.

Virusa yoluxma faktı nə vaxt aşkarlanır?

Cavab: COVİD-19 infeksiyasının başlaması və yayılması, o cümlədən bu virusa yoluxma müddəti hələ də müəyyən edilməyib. MERS-CoV və SARS-CoV infeksiyalarında olduğu kimi SARS-CoV-2 infeksiyasının RNT virusunun aşkarlanması heç də həmin şəxsdə yoluxucu virusun olması demək deyil. Asimptomatik infeksiya ilə SARS-CoV-2 virusa yoluxma halı təsdiqlənsə də, asimptomatik infeksiyanın virusun ötürülməsində hansı rolu oynadığı hələ də məlum deyil. Eynilə, simptomların başlanmasından əvvəl (presimptomatik) yoluxmanın (xəstəliyin başlamasından əvvəl inkubasiya dövründə infeksiyanın aşkarlanması) virusun ötürülməsində oynadığı rol da məlum deyil. SARS-CoV-2 və digər koronovirus infeksiyaları (məsələn, MERS-CoV, SARS-CoV) ilə bağlı mövcud olan tibbi məlumatlara görə inkubasiya dövrünün 2-14 gün arasında dəyişir.

COVID-19 infeksiyasına yoluxmaqda şübhəli bilinən şəxsi müayinə edərkən tibb işçiləri özlərini necə qorumalıdırlar?

Cavab: Bu virusun ötürülmə dinamikası hələ də tam müəyyən edilməsə də, ÜST və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) COVID-19 virus infeksiyasına yoluxma riski olan şəxslərin müayinəsi ilə məşğul olan tibb işçilərinə ehtiyatlı davranmağı tövsiyə edir. Həmin şəxsləri müayinə edərkən və ya artıq COVID-19 virusuna yoluxmuş xəstələrə qulluq göstərən tibb işçiləri, infeksiyanın ötürülməsi üzrə standart ehtiyat tədbirlərdən istifadə etməlidirlər. Tibb müəssisələrinin koronavirus (COVİD-19) infeksiyasının yoluxmuş və ya və ya bu virusa yoluxmanın yoxlanılması mərhələsində olan şəxslərlə bağlı infeksiyanın qarşısının alınması və nəzarət tövsiyələri ilə tanış olur.

COVID-19 infeksiyasına yoluxma təhlükəsi ilə əlaqədar narahatlıqlara görə tibb müəssisəsinə digər səbəblərə görə müraciət etmiş şəxsə diaqnostik və ya terapevtik müdaxilə dayandırılmalıdırmı?

Cavab: Xəstələrə normal tibbi yardım və qayğı standartlarına uyğun olaraq almalı olduqları hər hansı bir müdaxiləni həyata keçirmək olar. Şübhəli və ya təsdiqlənmiş COVID-19 virusuna yoluxmaqda şübhəli bilinən və ya artıq virusa yoluxmuş şəxslərin müəyyən edildiyi və təcrid edilmiş bağlı qapalı otaqda yoxlanıldıqdan etibarən onlardan cərrahi maska ​​taxmaları tələb edilməlidir. Otağa daxil olan tibb işçiləri İnfeksiyanın ötürülməsi üzrə standart ehtiyat tədbirlərinə riayət etməlidirlər.

COVID-19 virus infeksiyası necə müalicə olunur?

Heç də bütün COVID-19 virus infeksiyasına yoluxan xəstələr əlavə tibbi yardıma ehtiyacları olmur. COVID-19 virus infeksiyasına yoluxma simptomları ilə xəstəxanaya yerləşdirilən xəstələrin klinik idarə edilməsinə əsasən vəziyyəti ağır olan şəxslərə, o cümlədən tənəffüs çatışmazlığı, septik şok və bir çox orqanlarının öz fəaliyyətini dayandırması sindromu olan xəstələrə kompleks tibbi yardımın göstərilməsi daxildir.

Digər virus və ya bakterial etiologiyaların aşkarlanması üçün test analizlərinin aparılması və onların müalicəsi də nəzərdə tutula bilinir.

Kortikosteroidlər virus pnevmoniyası və ya Kəskin Respirator distress sindromu (ARDS) üçün müntəzəm olaraq tövsiyə olunmurlar və onlardan başqa bir səbəb göstərilmədikdə (məsələn, Xroniki obstrüktiv ağciyər xəstəliyi (KOAH), septik şok – Sepsis müalicəsi təlimatlarına uyğun olaraq) istifadə edilməməlidir.

Hazırda COVID-19 virus infeksiyasının müalicəsi üçün dünyada istehsal olunmuş heç bir antivirus dərman preparatı mövcud deyil. Bəzi in-vivo və in-vitro tədqiqatlar göstərir ki, müvafiq müvafiq koronaviruslara qarşı müəyyən dərman preparatları potensial terapevtik təsirə malikdir. Lakin, hazırda COVİD-19 virus infeksiyasına yoluxmuş və ya yoluxmaqda şübhəli bilinən xəstələrin müalicəsi üçün hər hansı bir terapevtik müalicəni tövsiyə etmək üçün yetərli sübutlar əldə edilməyib. Antivirus preparatı olan Remdesivir-in in-vitro tədqiqatlarda COVID-19 virus infeksiyasına qarşı aktivliyə malik olması barədə  məlumat vardır. Çində COVID-19 virus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün remdesivir preparatı müvafiq klinik tədqiqat çərçivəsində sınaqdan keçirilib. Çində COVID-19 virus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi zamanı Lopinavir-ritonavir terapiyası da tətbiq edilib, ancaq indiyə qədər heç bir tutarlı nəticə əldə edilməyib.

COVID-19 infeksiyasına yoluxma ehtimalı olan şəxslərlə təmasdan sonra istifadə edilən profilaktik tədbirlər həyata keçirilməlidirmi?

Cavab: Hazırda COVID-19 virus infeksiyasına yoluxma ehtimalı olan şəxslər üçün Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təsdiqlənmiş təmasdan sonra istifadə olunacaq xüsusi profilaktik tədbirlərə dair təlimatla tanış olun və onlara riayət edin.

COVID-19 infeksiyasına yoluxmuş şəxslər və yoluxmaqda şübhəli bilinən şəxslərin xəstəxanaya yerləşdirilməsi lazımdırmı?

Cavab: COVID-19 virus infeksiyasına yoluxmuş xəstələrin heç də hamısının xəstəxanaya müraciət edilərək hospitalizasiyası tələb olunmur. Həmin şəxslər yalnız klinik vəziyyətdən və risk faktorlarından asılı olaraq, stasionar şəraitdə müalicələri tələb olunduqda əlavə tibbi yardım üçün müvafiq təcridetmə tədbirlərinin həyata keçirilməsi ilə xəstəxanaya yerləşdirilməlidir. İlkin olaraq yüngül gedişatlı xəstəliyi olan bəzi şəxslərdə klinik vəziyyət xəstəliyin ikinci həftəsində ağırlaşa bilər. Həmin xəstələrə stasionar və ya ambulator şəraitdə tibbi xidmətin göstərilməsi barədə qərar müvafiq vəziyyətə fərdi yanaşma əsasında qəbul edilməlidir. Bu qərar yalnız klinik göstəricilərdən deyil, həm də xəstənin müayinə olunmaq şəraitindən, ev şəraitində təhlükəsiz təcrid olunma qabiliyyətindən və xəstənin ev şəraitində virusun ötürülmə riski kimi amillərdən asılı olmalıdır. Hər hansı suallar yarandıqda, mütləq Səhiyyə Nazirliyi və TƏBİB-in koronavirus və digər yüksək yoluxuculuğu olan infeksiyaların qarşısının alınması və nəzarəti üzrə təlimat və tövsiyələrinə istinad edin, habelə işlədiyiniz tibb müəssisəsinin daxili təlimatları ilə tanış olur.