İctimai səhiyyə dedikdə, profilaktik, klinik xidmətlər, tibb müəssisələrinin xidmətlərinə nəzarətlə yanaşı, milli səhiyyə sisteminin fəaliyyətinə aid olan – sağlamlığa birbaşa və ya dolayı yollarla təsir edən amillərə nəzarət, ətraf mühitin mühafizəsi məsələləri, sağlam həyat tərzinin təbliği və dəstəklənməsi, sağlamlıqla bağlı problemlərin aradan qaldırılması üçün strategiyaların, səhiyyə proqramlarının hazırlanması, əhalinin tibbi xidmətlərlə təminatında sosial bərabərliyin təmin edilməsi, səhiyyə siyasəti, iqtisadiyyatı və s. kimi daha geniş aspektləri əhatə edən mütəşəkkil fəaliyyətlər nəzərdə tutulur. “İctimai səhiyyə insanların sağlam olması üçün tələb olunan şəraitin təmin edilməsi işində yerli, dövlət, milli və beynəlxalq resursların səfərbər edilməsi və əlaqələndirilməsi deməkdir” (Detels & Breslow, 2002).
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) fəaliyyəti məhz bu konsepsiyanın başlıca məqamlarını özündə əks etdirir. Beləliklə, İSİM ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirir. Eyni zamanda İSİM Azərbaycanda əhalinin sağlamlığının qorunması üzrə islahatların elmi əsaslandırılması, səhiyyə qanunvericiliyinin müasir tələblərə və aparılan islahatlara uyğunlaşdırılması, tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ilkin səhiyyə sahəsində islahatların aparılması və müasir texnologiyaların səhiyyədə tətbiqi üzrə təklifləri hazırlayır.